Media Xəbərləri > Çap üçün versiya > Bərdədə keçirilən imtahanlarda yeddi rayondan 1646 abituriyent iştirak edib

Bərdədə keçirilən imtahanlarda yeddi rayondan 1646 abituriyent iştirak edib

Bərdədə keçirilən imtahanlarda yeddi rayondan 1646 abituriyent iştirak edib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 7-də Bərdə şəhərində 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları uğurla başa çatıb.

DİM-in Bərdə regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imtahanlarda Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Xocavənd, Beyləqan və Laçından olan 1646 abituriyent iştirak edib. Bərdə şəhər 5, 6 və Ağdam 12 nömrəli tam orta məktəblərdə təşkil edilən imtahanlar 11 imtahan rəhbəri və 128 nəzarətçi-müəllim tərəfindən idarə olunub.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilib. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun olaraq 3 saat davam edib və vaxtında başa çatıb.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=34524

© 2014 www.mediaxeberleri.com