Media Xəbərləri > Çap üçün versiya > Bu gün Lamiyə Quliyevanın məhkəməsidir

Bu gün Lamiyə Quliyevanın məhkəməsidir

Bu gün Lamiyə Quliyevanın məhkəməsidirAslanovun ətrafında həlqə daralır


“Lamiyə işi”ndə əsas fiqurant Aslan Aslanovun həbsi prosesinə ciddi hazırlıq gedir. Redaksiyamıza daxil olan məlumata görə, prosesin ləng getməsi sabiq nazir müavininin hakimiyyətdəki dayaqlarının dəstəyinin nəticəsidir. Qaynağımız qeyd edir ki, A.Aslanovun əsas himayəçisi oğlunun kirvəsidir: “Aslanovun öldürülən oğlunun kirvəsi, hamının bildiyi kimi, sabiq müdafiə naziri Səfər Əbiyev olub. Digər övladının kirvəsi isə hazırda yüksək vəzifəli şəxsdir. Bu işin araşdırılmasının qarşısını almağa cəhd edir”.

Bununla belə, A.Aslanovun Bakının “milyonçular məhəlləsi” adlanan Teymur Əliyev küçəsindəki mülkündə, şəhərin digər ərazilərindəki villa və bağ evlərində qeyri-rəsmi siyahıya alınma prosesi həyata keçirilir. Sabiq nazir müavininin həbsindən sonra siyahıya alınmış əmlakları “milli”ləşdiriləcək. A.Aslanovun özü də ciddi nəzarət altında saxlanır. Xəbər verdiyimiz kimi, onun ölkədən çıxışına da qeyri-rəsmi qadağa qoyulub. Əgər Aslanov ölkəni leqal yolla tərk etmək istəsə, geri qaytarılacaq.

Aslanov oğlunu işə qatdı, vəkil iddiaların təsdiqlənmiş olduğunu açıqladı
A.Aslanovun hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədovu cəzalandırmaq istəyində olması haqda məlumat vermişdik. Əldə etdiyimiz son məlumata görə, A.Aslanovun vəkilin cəzalandırılması üçün Vəkillər Kollegiyasına müraciətini onun oğlu, Ədliyyə Nazirliyinin İstintaq şöbəsinin müstəntiqi Turqay Aslanov çatdırıb.

A.Məmmədov hesab edir ki, A.Aslanov oğlunu işə qatmaqla bir həqiqəti təsdiqləmiş olub: “Lamiyə Quliyeva, Vüqar Əliyev Ədliyyə Nazirliyinin tabeliyində olan cəzaçəkmə müəssisələrində cəza çəkirlər. Onlar dəfələrlə bəyan ediblər ki, üzləşdikləri haqsızlıqlar, qanunsuzluqlar Aslan Aslanovun diktəsi ilə həyata keçirilib. Həmçinin bu işlərdə Turqay Aslanovun da adı hallandırılıb.



Bu məlumatlar olmasaydı belə, Turqay Aslanovun orada işləməsi qanunauyğun deyil. Çünki hazırkı vəzifəsi ona yaxınının öldürülməsində ittiham edilərək cəzaya məhkum edilmiş şəxslərə qarşı addımlar ata bilməsi ehtimalını yaradır. Digər tərəfdən də Turqay Aslanovun barəmdə atasının əsassız müraciətini Vəkillər Kollegiyasına çatdırması onun barəsində olan iddia və ittihamları təsdiqləyir. Deməli, Turqay Aslanov atasının istəyi, xahişi ilə digər addımlar da ata bilər”.

Cəmiyyətə məhkum Lamiyə Quliyevanın uşağının atası kimi təqdim edilən Elnur Məmmədrəsul oğlu Rəsulov ailəsi ilə danışıb. Azvision.az-ın yaydığı məlumata görə, E.Rəsulovun qohumları sayt əməkdaşına bildiriblər ki, Lamiyə Quliyeva ona şər atır: “Artıq Elnurun ailəsi də hər şeyi bilir. Onların ailəsində narazılıq baş verib. Onlar Elnurun yanına getmirlər. Elnur isə bu xəbərlərin yalan olduğunu söyləyir. Elnurun anası deyir ki, başqa bir qadından uşağı yoxdur, Lamiyə adlı qadın onun üstünə şər atır”.

Elnurun həbs səbəblərini öyrənmək məqsədilə Bakı Hərbi Məhkəməsi ilə əlaqə saxladıq. Bildirildi ki, E.Rəsulov hərbçilərlə əlbir olaraq saxta pul hazırladığı üçün həbs edilib.
E.Rəsulovun vəkili Ümman Salehzadə isə baş verənlərdən xəbərsiz olduğunu deyib. Müvəkkili ilə görüşmədiyini, hazırkı vəziyyətindən xəbərsiz olduğunu qeyd edib.

Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə məhkum Lamiyə Quliyevanın işi üzrə məhkəmə prosesi keçiriləcək. Saat 12:30-a təyin edilən proses açıq elan olunub. Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan məhkəmə hökmünün ağırlığına görə apelyasiya protesti və müddətinin bərpa olunması üçün vəsatət verib.


E.MƏMMƏDƏLİYEV
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=333

© 2014 www.mediaxeberleri.com