Media Xəbərləri > Çap üçün versiya > Pulsuz nəqliyyat dövrünə qayıdış- Siyahıda kimlər var?

Pulsuz nəqliyyat dövrünə qayıdış- Siyahıda kimlər var?

Pulsuz nəqliyyat dövrünə qayıdış- Siyahıda kimlər var?
Ölkəmizdə bəzi kateqoriyadan olan şəxslərin ictimai nəqliyyatdan ödənişsiz istifadəsi məsələsi yenidən gündəmə gəlib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, Bakıda tələbə və pensiyaçıların ictimai nəqliyyatdan güzəştli istifadəsi məsələsinə baxıla bilər:



“Hazırda "BakıKart" 150-yə yaxın avtobusda istifadə olunur. Bütün avtobusların kart sisteminə keçməsinə hazırlıq gedir.Dəqiq tarix söyləmək çətindir, lakin kart sistemi üzrə işlər yekunlaşdıqdan sonra avtobuslarda gediş haqqının ödənişi üçün həm tələbə, həm də pensiya kartlarının tətbiqi müvafiq qurumlarla razılaşdırılmaqla həyata keçirilə bilər”.

Məlumdur ki, bu təcrübə bir sıra ölkələrdə mövcuddur.İctimai nəqliyyatdan ödənişsiz olaraq istifadə olunması bir sıra ölkələrdə əlillər, digər ölkələrdə tələbə və məktəblilərə şamil edilir.Bu yaxınlarda Estoniya da bu ölkələrin sırasına qatıldı.Ölkənin 15 regionundan 11- də ictimai nəqliyyat ödənişsiz fəaliyyət göstərməyə başladı.Bu da demək olar ki, ölkə ərazisinin əksər hissəsini təşkil edir.

Qonşu Türkiyədə 65 yaşdan yuxarı insanlar şəhərdaxili ictimai nəqliyyatdan pulsuz, dəmir və dənizyolu üçün nəzərdə tutulan gediş haqqından 50% endirimlə istifadə edirlər.Bu ölkədə həm də fiziki məhdudiyyətli insanlar, qazilər və şəhid yaxınları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər.Baltikyanı ölkələrdə məktəblilər ictimai nəqliyyatdan pulsuz istifadə edir, Macarıstanda isə tələbələrə avtobus və metro üçün güzəştli kart verilir.İctimai nəqliyyatda gediş haqlarının ləğv edilməsi müzakirə olunan ölkələrdən biri də dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biri olan Fransadır.Bu ölkədə bütün ölkə ərazisində pulsuz ictimai nəqliyyatın iqtisadi modeli öyrənilir. Bunun da nəticəsində 2020-ci ildə ictimai nəqliyyatdan istifadə bütünlüklə pulsuz ola bilər. Məlum olduğu kimi ölkəmizdə də bu təcrübə mövcud olub.Sonradan yerüstü nəqliyyat vasitələri özəlləşdirildikdən sonra bəzi kateqoriyadan olan şəxslərin avtobuslardan pulsuz istifadəsi problemlər yaratdığından, bu sistem ləğv olundu. Buna baxmayaraq, bu məsələ müxtəlif illərdə, o cümlədən də Tarif Şurasının sərnişindaşıma xidmətlərinin qiymətlərini 50 faiz qaldırdığı bu il ərzində gündəmə gəldi. Rəsmi olaraq Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi tərəfindən səslənən bu məsələnin reallaşması isə böyük ictimaiyyətin arzusudur.Qeyd edək ki, tələbə və təqaüdçülərlə yanaşı digər aztəminatlı qruplara da bunun şamil edilməsi məqsədəuyğun hesab edilir.

Təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında dedi ki, bu təklif tədqirəlayiqdir:



“Vüsal Kərimlinin çıxışını dinlədim. Arzu edirəm ki, bunun reallaşması çox da uzağa getməsin.

Təqaüdçülər və tələbələrlə yanaşı məktəblilərin də ictimai nəqliyyatdan pulsuz istifadəsi ilə bağlı tədbirlər görülsün.Çünki elə ailələrimiz var ki, 3-4 övladı məktəblidir, onların eyni vaxtda ictimai nəqliyyatdan istifadəsi ailə büdcəsinə yük olur. Əgər bu addım atılarsa, bu ölkə rəhbərliyinin aztəminatlı ailələrə, o cümlədən də tələbələrə, məktəblilərə böyük töhfəsi ola bilər.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev də qəzetimizə açıqlamasında bildirib ki, bu təklifin səslənməsi sevindiricidir:



“Ümid edirik ki, bu əlillərə də şamil olunacaq. Lazım olan qurumlara da sözümüzü çatdırmağa hazırıq.Bu cür təcrübə MDB məkanında da var. O cümlədən də Ukraynada bir qrup insanlar nəqliyyatdan pulsuz istifadə edirlər.Azərbaycanın iqtisadi durumu və təqaüdlərin həcmi nəzərə alınaraq, bunun həyata keçirilməsi çöx səmərəli olardı”.

Bu məsələnin parlamentdə də gündəmə gəlməsi gözləniləndir. Belə ki, bu barədə “Cümhuriyət”-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, kart sisteminə keçid rellaşdıqdan sonra bu nəzərdə tutula bilər:



“Kartsız kiminsə tələbə və ya təqaüdçü olmasını müəyyənləşdirmək çətindir. Bu da xidmət göstərənin maraqlarına uyğun olmur.Bunu biləndən sonra müəyyən güzəştlər etmək olar.Bu məsələ parlamentdə müzakirə oluna bilər”.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=24193

© 2014 www.mediaxeberleri.com