Media Xəbərləri > Çap üçün versiya > Xalq Cümhuriyyəti-100: Erməni vəhşiliyinin daha bir şahidi-Kürdmaşı kəndi

Xalq Cümhuriyyəti-100: Erməni vəhşiliyinin daha bir şahidi-Kürdmaşı kəndi

Xalq Cümhuriyyəti-100: Erməni vəhşiliyinin daha bir şahidi-Kürdmaşı kəndi
Göyçay qəzasının indiki İsmayıllı rayonunun Hacıhətəmli-Gəraybəyli kəndləri istiqamətində yerləşən Hacıhətəmli, Mollaisaqlı, Kürdmaşı, Qubaxəlilli, Gəraybəyli, Şahsoltanlı kəndləri erməni quldurlarının hücumlarına məruz qalıblar. Bu kəndlərə ermənilər yaşayan Ruşan, Uştal, Kəlbənd, Yuxarı Şükürçü, Gənzə, Girk, Kargüzar, Qələyə, Gərməxan kəndlərindən basqınlar edilirdi. Bu yaşayış məntəqələri 1905-1920-ci illərdə silahlı quldur daşnak dəstələrinin qanlı basqınlarına mütəmadi surətdə məruz qalıb.

O dövrdə Bakı Xalq Komissarları Sovetinin daşnak rəhbərləri tərəfindən təchiz edilən yerli və muzdlu hay dəstələrinə cəbhənin bu hissəsində Azərbaycan milli hissələrinin, 5-ci Qafqaz İslam Ordusunun və yerli müdafiə qüvvələrinin mövqelərinə şimal cinahından hücum etmək tapşırığı verilmişdi. Milli qüvvələri Ağdaş-Göyçay və Qəbələ-İsmayıllı istiqamətləri boyunca zərərsizləşdirmək düşmənin əsas məqsədi idi. Ən ağır döyüşlər Göyçay qəzasının bu hissəsində baş verib. Hücumlar həm Müsüslü-Qaraməryəm, həm də Ağdaş-Qəbələ istiqamətindən edilirdi. Dinc sakinlərin əksəriyyəti bu kəndlərdə ağır işgəncələrə məruz qalıb, onlara ciddi maddi və mənəvi zərbələr dəyib. Kürdmaşı, Hacıhətəmli, Quşencə, Qubaxəlilli, Gəraybəyli kəndləri də ağır döyüşlərin tarixi şahididir.

Ötən əsrin əvvəllərində Kürdmaşı kəndində 70 ev olub. Bu kənd coğrafi mövqeyinə görə strateji əhəmiyyət daşıyıb. Şirvandan Gəncəyə uzanan qədim ipək yolu bu kəndin ayağından, 1 km-lik məsafəsindən keçir. İsmayllı nahiyəsinin yaşayış məntəqələrinin cənub tərəfdən işğalına bir növ “giriş qapısı” rolunu oynayıb. Qəzada haylar ən çox bu bölgədə məskunlaşdığından düşmən təcavüzü əsasən, Qaraməryəm-İsmayıllı yolu boyunca yerləşən və ona bitişik əraziləri əhatə etmişdi. Erməni quldurları və rus-bolşevik dəstələri Ağdaş-Göyçay şəhərləri istiqamətindən Surxay-Qoşataxta dağları ətəyi boyunca Kürdmaşı kəndinə daxil olaraq qətliam törədiblər. 500 ilə qədər yaşı olan məscidin yanında, kəndin qədim məhəlləsində və qəbiristanlığın yaxınlığında 50 nəfərə qədər dinc kənd sakini amansızlıqla öldürüb, 2 qadını əsir aparıb, evləri-tikililəri isə yandırıb, əhalini qarət ediblər. Məscidin ətrafına quru ağac və kol qalıqları yığıb yandırsalar da, bu tikili salamat qalıb. Məscidin mollası Mədət Alı oğlu Xələfov (1901-1973), Kərim Abuzər oğlu Abbasov (1905-2005), Məşədi Usub Məşədi Mirzəfər oğlu (1897-1937) qanlı hadisələrin şahidi olublar. Onlar 5-ci Qafqaz İslam Ordusunun döyüşçülərinin kəndə daxil olmasından və yerli müdafiə qüvvələri ilə birlikdə apardıqları səngər savaşlarından danışırdılar. Onların sözlərinə görə, müşahidə məntəqəsi kənddən 2-3 km aralıdakı “Şorlu qaya”da, əsas səngər yerinin “İncirli bulağı dağı”nda yerləşirmiş. O illərin qanlı döyüşlərinin baş verdiyi kolluq-qayalıq yerlər sonradan el arasında “Qanlı dərə” kimi adlanıb. Bu dərə hazırda Göyçay rayonunun Qarayazı kəndinədək uzanır. Kəndlər arası isə 4 km-dir. “Qanlı dərə”də kəndin qədim yurd yerləri kimi keçən əsrin 70-ci illərindək həyat olub, əhalinin çox hissəsi orada yaşayıb.

Əsas hücumlar kəndin şərqindəki “Qarasu gölü” tərəfdən edilib. Basqınları Girk, Kargüzar və Güzəran (təkcə bu kənddə 1500 hay qulduru yaşayırdı-müəll.) kəndlərinin silahlı erməniləri edirdi.



Yerli qüvvələri düşmənə qarşı döyüşlərə kəndin ağsaqqalı Sarı Alı oğlu (1880-1937) səfərbər edirdi. Sonralar buna görə xeyli təqib olunmuşdu. Hay quldurlarından sığınacaq tapan camaat Ucar nahiyəsinin Kürsahili obalarına və Kürdəmir nahiyəsinin Qarabucaq kəndinə köçüb. Amma kənd cavanlarından 30-40 nəfər isə könüllü olaraq ərazinin müdafiəsinə qatılıb. Bunlar Qaçaq Ələkbər, Kərbəlayı İsrayıl, Kərbəlayı Rüstəm Nəbi oğlu (1880-1941) və başqaları idi. Qaraməryəm-İsmayıllı yolu boyunca hərəkət edən türk ordusu dəstələrini hay quldurları Girk, Kəlbənd, Güzəran və Uştal kəndlərindən top atəşinə tutublar. Ötən əsrin 70-80-ci illərində Güzəran kəndinin qəbiristanlığında 1744-cü ilə aid saxta qəbir daşlarının quraşdırıldığı, kiril əlifbası və qondarma nişanə ilə təzə ağ daşlardan yonulduğu aşkar edilmişdi.

Kənd camaatı Müsüslü-Qaraməryəm boyunca geri qayıtdığı vaxt Qaraməryəm kəndinin mərkəzi hissəsində şəhid türk döyüşçülərinin dəfn mərasimi keçirilirmiş. Əhali ağlaşanda, türk zabiti çıxış edərək bunları deyib:

“Biz Azərbaycan uğrunda, azərbaycanlı qardaş və bacılarımızın həyatı naminə şəhid vermişik, müqəddəs amal naminə əsgərlərimiz bu torpağa qurban olub, bu fəxarət doğuran hal üçün ağlamayın, sızlamayın. Allah Cəlalı eşqinə, sakit olun”.

Həmin tarixi çıxışın dinləyiciləri sırasında kənd sakinləri Fəxri Əliyar qızı (1886-1977), Nübar Ramazan qızı (1895-2013), Ceyran Məşədi Zülfüqar qızı (1895-1985), Məşədi Xanım Novruz qızı (1880-2003), Qəzənfər Kərim oğlu (1906-1982), Qulaməli Məşədi Məhəmməd oğlu Aslanov (1898-1938), Qulamhüseyn Məşədi Məhəmməd oğlu (1898-1938) da olub.

Erməni basqınlarının dəf edilməsi iki istiqamətdə - Qaraməryəm-Müsüslü və Qaraməryəm-Ağsu xətti boyunca mümkün olub. Azərbaycan Milli Ordusunun bu kənddən olan əsgəri Qarakişi Əliyar oğlu İskəndərov (1900-1976) 5-ci Qafqaz İslam Ordusunun tərkibində Quba qəzasının düşməndən təmizlənməsi əməliyyatlarında da iştirak edib. Məhz buna görə də onun qardaşları İskəndər (1872-1937), Hüseyn və Qurban o müdhiş illərdə Bulla adasında həyatla vidalaşıblar.

Kürdmaşı kəndinin müdafiəsində və Osmanlı ordusunun tərkibində iştirak edən digər yerli könüllülərin də 1918-1920-ci illərdən sonrakı həyatı məşəqqətlə keçib. Onların çoxu 1937-1938-ci illərdə repressiyaya məruz qalıblar. Təsadüfi deyil ki, hay quldurlarının təcavüzünə tuş gələn bu kəndin 70 ailəsinin ümumilikdə 90 nəfəri həmin illərdə güllələnib. Yaşlılar Göyçay şəhərinin həbsxanasında, cavanları isə Nargin və Bulla adalarında qətlə yetirilib.

Quldur erməni-daşnak və rus-bolşevik dəstələrinin törətdiyi qanlı qırğınların tarixi və maddi şahidi olmuş 250 illik yaşı olan Kürdmaşı qəbiristanlığının yerində keçən əsrin 80-ci illərində üzüm bağları salınmışdı. Yalnız əkin aparılması mümkün olmayan uzunluğu 3 m-ə çatan sinə daşları, ərəb əlifbası ilə yazıları və naxışları olan 3 qəbir olduğu kimi qalıb.

1918-1920-ci illərdə erməni quldurlarının təcavüzünə sinə gərən, müdafiə olunan və Osmanlı ordusunun və Azərbaycan milli hissələrinin, eləcə də yerli özünümüdafiə qüvvələrinin qəhrəmanlığı hesabına bu qanlı zərbələri dəf edən Kürdmaşı kəndinin tarixi qədimliyini həm də böyründən axan Dəvəbatan çayı üzə çıxarıb. Belə ki, bu çayın daşması nəticəsində kəndin 2 km ərazisində xeyli dərinlikdə gizlənən bir sıra qiymətli maddi mədəniyyət nümunələri: küp qəbirləri, sikkələri, zinət-bürünc əşyaları üzə çıxıb. “Şorqaya massivi”ndə qədim yaşayış yerləri aşkar edilib. Bu çayın sol sahilində, kəndin içərisində də küp qəbirləri üzə çıxıb.

Görünür, indiki dövrdə Azərbaycanın hər yerində nəinki tarixi keçmişimizə aid hadisələrlə yanaşı, həm də maddi-tarixi abidələrimizin də tədqiqinə böyük ehtiyac var.

Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=24189

© 2014 www.mediaxeberleri.com