Media Xəbərləri > Çap üçün versiya > "Şlaqbaum yolun yarısını qapadır" - Avtobusun qatarla toqquşduğu ərazidən VİDEOREPORTAJ

"Şlaqbaum yolun yarısını qapadır" - Avtobusun qatarla toqquşduğu ərazidən VİDEOREPORTAJ

"Şlaqbaum yolun yarısını qapadır" - Avtobusun qatarla toqquşduğu ərazidən VİDEOREPORTAJ
Xəbər verdiyimiz kimi, oktyabrın 1-də Bakının Binə qəsəbəsi ərazisində 160 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu qorunan əraziyə ehtiyyatsız şəkildə daxil olaraq qatarla toqquşub. Hadisə nəticəsində biri azyaşlı olmaqla, 2 nəfər ölüb, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən sonra qəzanın nəticələri araşdırıldı və bəzi məqamlar üzə çıxdı. Sürücünün narkotik vasitədən istifadə etməsi, əvvələr məhkum olması, hətta idarə etdiyi avtobusun nömrə nişanının qeyri-qanuni şəkildə başqa bir sürücüyə aid olduğu üzə çıxdı. Digər müzakirə olan məsələ isə qəza zamanı şlaqbaumun açıq olub-olmadısıdır.

Hadisənin videogörüntüləri keyfiyyətsiz olduğundan bunu müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Musavat.com-un əməkdaşı olaraq, qəza baş verən əraziyə yollandıq. Qəsəbədə yaşayan sakinlərdən, qəzanın şahidlərindən fikirlər aldıq. Hadisədən əvvəlki və sonrakı vəziyyət ilə bağlı hansısa bir dəyişikliyin olub-olmadığını soruşduq.

İlk açıqlamanı qatar keçidinə nəzarət edən dəmiryol nəzarətçisindən aldıq. O, şlaqbaumun 12 ildi ki, ərazidə olduğunu və qəza zamanı qapalı olduğunu bildirib: "Qatar yaxınlıqda olan stansiyadan yola çıxan kimi bizə məlumat verilir. Biz də öz növbəmizdə qatarın gəlişinə qədər şlaqbaumu qapalı saxlayırıq. Şlaqbaum yolun yarısını qapada bilir. Avtobus sürücüsü isə yolun maneə olmayan hissəsindən keçib və qatarla toqquşub”.

Daha sonra 160 nömrəli avtobusdan bir neçə məktəblinin düşdüyünü gördük. Onlardan ərazidə sürücülərin avtobusları necə idarə etdiyini soruşduq: "Biz hər gün bu avtobusla yaxınlıqda yerləşən 149 nömrəli məktəbə gedib-gəlirik. Sürücülər avtobusu çox sürətlə sürür. Dayanacağa çatanda da bizdən tez düşməyi tələb edirlər. Sərnişinlər isə sürücülərə irad bildirir, amma qulaq asmırlar".

Hadisə yerinə yaxın olan obyekt sahiblərindən qəzanın necə baş verməsi haqqında münasibət öyrəndik. Onlar hadisənin gözlərinin qarşısında baş verdiyini bildirdilər: "Qatar hər dəfə keçəndə şlaqbaum bağlı vəziyyətdə olur və zəng çalır. Lakin şlaqbaumun uzunluğu yolun yarısına qədər çatır. Tələsən, səbri çatmayan bəzi sürücülər həmin boş yerdən asanlıqla keçir".

Lakin obyekt sahibləri bütün günahı avtobus sürücüsündə görməyi də düzgün hesab etmirlər: "Düzdü, qəza törədən şəxsə haqq qazandırmaq olmaz. Amma nəzərə almaq lazımdır ki, əhalisi çox olan qəsəbəyə bir marşurutun işləməsi acınacaqlı vəziyyətdir. Plan üzrə işləyən sürücü qrafikdən kənara çıxmamaq üçün avtobusu bəzən məcbur qalıb, sürətlə idarə edir".

Yaxınlıqda yerləşən digər obyektin sahibi isə qəzayla bağlı maraqlı iddialar irəli sürdü. O, bildirdi ki, bu qəsəbəyə bir avtobus işlədiyi üçün günün bütün saatlarında ağzına kimi dolu olur: "Bəzən sürücü sərnişinlərin sıxlığından sağ tərəfdən gələn avtomobilləri belə, görməyə çətinlik çəkir. Bu azmış kimi şlaqbaumun yanında eni 7 metrə çatan dükan tikmişdilər. Yoldan keçən nəqliyyat vasitələrinin sürücüləri qatarın gəlişini görmürdü. Qəzadan sonra dərhal həmin tikilini söküb, 100 metr aralıda qoydular".



Elçin Əkbərov,
Musavat.com,
Video və fotolar müəllifindir
.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=23035

© 2014 www.mediaxeberleri.com