Media Xəbərləri > Çap üçün versiya > Tarixi abidələrimizə qarşı erməni vandalizmi

Tarixi abidələrimizə qarşı erməni vandalizmi

Tarixi abidələrimizə qarşı erməni vandalizmi
Azərbaycan xalqı qədim zamanlardan bəri tarixi abidələr qurub-yaradıb, öz memarlıq və quruculuq qabiliyyətini dünyaya bəyan edib. Ancaq təəssüf ki, torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı bu tarixi abidələrin də sıradan çıxmasına səbəb olub. Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı mütəmadi olaraq araşdırmaçıların diqqətində olub.

İlahiyyatçı Tural İrfan “Cümhuriyət” qəzetinə bildirib ki, sonradan Ermənistan adlandırılmış Qərbi Azərbaycan torpaqlarında minlərə türk abidəsi dağıdılıb və ya erməniləşdirlib:

“İrəvan xanlığında və indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdı. İslamdan əvvələ alban türk kilsəsinə aid abidələrin isə tarixidaha qədimdir və ermənilərlə zərrə qədər bağlılığı yoxdur. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olub. Həmin bölgədə olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərilib. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır. Bu gün Azərbaycanda tarixi abidələrin qorunması və gələcək nəsillərə çatdırılması sahəsinə böyük diqqət və qayğı göstərilirsə də təəssüf ki, bu işləri ölkənin bütün ərazilərində aparmaq mümkün deyil.Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb.Təkcə İslam mədəniyyətinə aid abidələr deyil, digər abidələr də məhv edilir. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlər üçün istifadə edilərək qəsdlə dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonları ərazisindəki qəbiristanlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Məhv edilməyənlər də heç bir ənənəyə sığmayan şəkildə təhqir olunur və ya özününküləşdirilir. Ermənilər bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyir. Yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən əcnəbi aydınlar, elm və din adamları da bu haqda tənqidi fikirlərini səsələndirib və həyəcan siqnalı çalıblar. Belə ki, rus alimləri, alman tədqiqatçıları, hətta erməni tarixçiləri belə Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirilən bu tarixi abidələrin ermənilərin vandallıq siyasəti nəticəsində məhv edilərək sıradan çıxarıldığını dönə-dönə vurğulayıb. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan informasiyalara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Dağıdılmayanlar isə erməni abidələri kimi təqdim edilir”.

Ekspert onu da əlavə edib ki, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur: “Bəzi məlumatlara görə isə dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarla, qəbiristanların sayı isə 900-dən artıq göstərilir.

Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana yaxud İslam mədəniyyətinə qarşı deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür.

Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir. Lakin buna baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz olaraq apardığı arxeoloji qazıntı işlərini davam etdirir, tarixi abidələri, məscidləri, kurqanları və s. dağıdır, tarixi-mədəni irsi isə saxtalaşdırırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-si məscid, 144-ü məbəd,192-si ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən, donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər”.

Tural İrfanın sözlərinə görə, Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irs tamamilə silinib: “Belə ki, İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş

Hacı Novruzəli bəy məscidi, “Sərdar sarayı” adlı kompleks də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.

Dağıdılan və talan edilən məbədlərimiz, məscidlərimiz, tarixi abidələrimiz bu gün düşmən əsarətində inləyir. Ancaq çox təəssüflər olsun ki, İslam və müsəlmanlıq adına dünyəvi və nəfsani maraqları naminə hətta daşnaklarla da həmrəylik nümayiş etdirən bəzi "ruhani”lər, "din görəvliləri", islam dininə qarşı olunan bu təhqirləri görməzliyə vururlar. Şuşa məscidində yatan donuza baxıb gülürlər. Ancaq İslam peyğəmbəri belə məsələlərdə islam həmrəyliyini, vəhdəti, bir-birinə dəstəyi vacib sayıb. Məscid dağıdan Allahın evini dağıtmış sayılıb”.

İlahiyyatçı tolerantlığın həmişə ermənilər tərəfindən pozulduğunu da deyib: “Ermənilərin Azərbaycanın tarixi abidələrinə vurduğu ziyan ancaq İŞİD-in əməllərilə müqayisə edilə bilər. Ona görə də dünya birliyi, İslam təşkilatları, müsəlman dövlətləri ermənilərin Azərbaycan ərazisində dağıtdığı tarixi abidələrin hesabını sormalıdır. Bu haqsızlığa səssiz qalmamalıdır. Çünki Allah Elçisi buyurub: “Haqsızlıq qarşısında susan dilsiz şeytandır”.

Yeganə Oqtayqızı
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=20868

© 2014 www.mediaxeberleri.com