Media Xəbərləri > Çap üçün versiya > "Atletiko" "Barselona"nı "sındırdı" - 2:0 (Çempionlar Liqası) VİDEO

"Atletiko" "Barselona"nı "sındırdı" - 2:0 (Çempionlar Liqası) VİDEO

"Atletiko" "Barselona"nı "sındırdı" - 2:0 (Çempionlar Liqası) VİDEOBu gecə futbol üzrə Çempionlar Liqasının bütün yarımfinal iştirakçıları müəyyənləşdi.

1/4 final mərhələsinin son oyun günündə komandalar İspaniya və Portuqaliyada üz-üzə gəlib.

Gecənin əsas qarşılaşması Madriddə "Atletiko" və "Barselona" arasında baş tutub. "Erkən final" adlandırılan cütlüyün Barselonadakı ilk oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanmışdı.

Bu səbəbdən qonaqlara mərhələ adlamaq üçün heç-heçə və ən azı iki top vurmaqla minimal hesablı məğlubiyyət də sərf edirdi. "Atletiko" isə mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi.

Gözlənilənlərin əksinə olaraq, "Barselona" üstünlüyünü qoruya bilməyib. Hesabı 36-cı dəqiqədə Antoine Qriezmann açıb. 88-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirən fransalı oyunçu komandasını yarımfinala daşıyaraq, "Barselona" azarkeşlərinə şok yaşadıb.

Son 8 mövsümdə 7 dəfə yarımfinal oynayan, 7 mövsümdə 3 dəfə turnirin qalibi olan, son çempion "Barselona" yarışla erkən vidalaşıb. Kataloniyalıları 2013/14 mövsümünün 1/4 finalında da "Atletiko" mübarizədən kənarlaşdırmışdı.

Digər matçında "Bavariya" "Benfika"nın qonağı olub. Mərhələnin ən zəifi hesab olunan Portuqaliya klubu ilk oyunda olduğu kimi yenə rəqibinə sonadək müqavimət göstərib, amma bu dəfə də istədiyi nəticəni qazana bilməyib.

Münhendəki matçda 0:1 hesabı ilə yenilən "Benfika" evdə 2:2 hesablı heç-heçə edərək mübarizəni dayandırıb. Hesabı 27-ci dəriqədə meydan sahiblərindən Raul Ximenes açıb. 38-ci dəqiqədə Arturo Vidal bərabərliyi təmin edib, 52-ci dəqiqədə Tomas Müller "Bavariya"nı hesabda önə keçirib. Məğlubiyyətlə barışmayan "Benfika" 77-ci dəqiqədə Anderson Taliska ilə bərabərlik qolunu vursa da, bundan artığına gücü çatmayıb.

Beləliklə, "Bavariya" son 7 mövsümdə 6-cı dəfə yarımfinala vəsiqə əldə edib. Bundan əvvəl "Real" və "Mançester Siti" yarımfinala çıxıb.

Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=12339

© 2014 www.mediaxeberleri.com