Media Xəbərləri > Çap üçün versiya > Akif Çovdarov və Nizami Şirinovla işbirliyində bulunan Mirzə Almasov nə üçün həbs olunmur?

Akif Çovdarov və Nizami Şirinovla işbirliyində bulunan Mirzə Almasov nə üçün həbs olunmur?

Akif Çovdarov və Nizami Şirinovla işbirliyində bulunan Mirzə Almasov nə üçün həbs olunmur?Cəmşid Naxçıvanski adına Hərbi liseyin keçmiş rəisi ilə bağlı sensasion faktlar üzə çıxıb

Bildiyiniz kimi, bir müddət əvvəl prezidentin qərarı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Mirzə Almasov tutduğu vəzifədən azad edildi. Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə sabiq nazir Səfər Əbiyevin sevimli kadrlarından biri hesab edilən Mirzə Almasov rüşvətxorluqda və korrupsiyada ittiham olunaraq işdən xaric edilib. Hətta onun barəsində həbs qərarının seçilməsi barədə də mediada informasiyar yayılmışdı. Mirzə Almasov isə hələ vəzifədə olarkən adı dəfələrlə korrupsiya işlərinə qarışmış, rüşvət ittihamı ilə üzbəüz qalmışdı. Məsələn, Bakı şəhəri, Səbayel rayonu, F.Nemanzadə küçəsi, ev 4A-da yaşayan və C.Naxçıvanski adına hərbi liseydə 35 il müəllim işləmiş Rauf Şəfiyev Mirzə Almasovu yıxıb sürümüşdü. Şikayətçinin sözlərinə görə, uzun illər həm özü, həm də həyat yoldaşı Zemfira Şəfiyeva liseydə dərs deyiblər, ömürlərinin yarıdan çoxunu sözügedən təhsil ocağına həsr ediblər. Lakin Şəfiyevlər işdən kənarlaşdırılıblar. “Liseydə NATO əməkdaşlığı dövründə, yəni 2006-cı ilə kimi hər hansı rüşvət və korrupsiya faktı olmayıb. Mirzə Almasov 2003-cü ildə liseyə rəis təyin edildi. Polkovnik rütbəsi ilə liseyə gələn Mirzə Almasov cəmi bir neçə aydan sonra general-leytenant hərbi rütbəsi aldı. 2005-ci ildə NATO ilə hərbi əməkdaşlıq dövrü başa çatdıqdan sonra türk hərbi müəllimləri müqavilə şərtlərinə əsasən işlərini başa çatdırıb liseydən getdilər. Türk hərbi müəllimləri gedəndən sonra liseydə başqa ab-hava yarandı. Bundan sonra rüşvət məktəbə ayaq açdı. Lisey rəhbərliyi kursantların aldığı 50 manata belə göz dikirdi. Hətta şəhid övladlarından belə rüşvət tələb olunurdu” - deyə R.Şəfiyev bildirib. Tarix müəllimi R.Şəfiyevin dediyinə görə, liseydə kursantların test imtahanlarının nəticələri 3 dəfə dəyişdirilir, mobil telefonları əllərindən alınır, sonra pul müqabilində onlara qaytarılır. Bütün bunlara narazılıq etdikdə isə Şəfiyevlərin dərs yükləri 24 saatdan 21 saata, daha sonra 12 saata endirilib. Bu da azmış kimi hər iki pedaqoq Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən azad olunur: “Bizi yalan danışmaqda ittiham etdilər, izahatımızı aldılar, üzümüzə durdular ki, belə bir şey yoxdur. İşi elə ustalıqla düzüb-qoşdular ki, məni yalançı çıxardılar. Guya böhtan atmışam, kursantlara qarşı belə bir hal baş verməyib. Bundan sonra liseyin rəisi Mirzə Almasovun təqibləri başlandı. İş o yerə çatdı ki, hətta xəstəxanaya düşdüm, əməliyyat olundum”. Şikayətçinin sözlərinə görə, imtahan ərəfəsində 600 məzunun hər birindən 200 manat məbləğində pul yığılırmış: “Görün bu nə deməkdir?! Bütün Azərbaycan bunu bilir, bu faktların olması hamıya məlumdur. Mən bunları özümdən demirəm. Dəfələrlə yoxlamalar gəldi, xeyli neqativ fakt aşkarlandı. Tədris şöbəsinin rəisi, polkovnik-leytenant Ələkbər Ələkbərov və mayor Qabil Məmmədovun rütbələri endirildi, cəbhə bölgələrinə göndərildilər. Amma Mirzə Almasov bu şəxsləri bir neçə aydan sonra yenidən liseyə qaytardı və hərbi vəzifə verdi. Tədris şöbəsi rəisi Ələkbər Ələkbərov imtahanlarda kütləvi şəkildə pul yığırdı. Bununla əlaqədar Müdafiə Nazirliyinin Hüquq İdarəsinə şikayət etdim. Nəticədə Ələkbər Ələkbərov və Qabil Məmmədov liseydən uzaqlaşdırıldı. Bundan sonra Mirzə Almasov bizə qarşı təzyiqləri artırdı. Bu da onunla nəticələndi ki, həyat yoldaşımla məni işdən uzaqlaşdırdılar”. R.Şəfiyev çox şeyləri açıb-ağartmaq istəmədiyini deyir: “Şəhid balasından pul yığılmaz, qaçqın balasından pul yığılmaz. Bu uşaqlar gəlib mənə ürəyini açırlarsa, “müəllim, mənim 150 manatım var, neyləyim” deyirlərsə, təbii ki, mən də qəti şəkildə kimsəyə pul verməmələrini məsləhət görürdüm. Kütləvi pul yığılma nə deməkdir? Çox şeyləri açıb-ağartmaq istəmirəm. Bu hal hələ də davam edir. Mobil telefon vasitəsilə testlərin cavabları ötürülür. Hərbi liseydə niyə belə hallar olmalıdır axı? Orada özünü dərsdə masaj elətdirən müəllimlər hələ də işləyirlər, bizi isə işdən çıxartdırırlar. Bu, çox ədalətsiz, qərəzli bir qərardır. Liseydə rüşvətxorluq baş alıb gedir, haqqını tələb edənlərə təzyiq olunur. Cürbəcür vasitələrlə bizi təqibə məruz qoydular. Həyat yoldaşıma və mənə qarşı nəsə axtarıb tapmaq istəyirdilər. Amma heç nə tapa bilmirdilər. İşdən kənarlaşdırılmağımıza səbəb məhz rüşvət və korrupsiya faktları barədə MTN-ə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə, Prezident Administrasiyasına şikayət etməyimiz, korrupsiya faktlarını aşkarlamağımız olub. Amma bizi ittiham edirlər ki, guya əmək funksiyalarını yerinə yetirə bilməmişik. Əmək funksiyalarını yerinə yetirə bilməyən müəllimlərin fəxri fərmanlarına diqqət edin. Yoldaşım əməkdar müəllimə adı alacaqdı. Mirzə Almasov buna da imkan vermədi”. R.Şəfiyev lazımi instansiyalardan bu işin dərindən araşdırılmasını, həyat yoldaşını və onu liseyə qaytarılmasını xahiş edir: “Bir ailədən iki veteran müəllimin bu çətin zamanda pulsuz-parasız, dərmansız qalmasına izn vermək olmaz. Əks halda intihar etməyə məcbur qalacağıq. Amma öncədən mətbuat konfransı keçirəcəyik və hər şeyi bəyan edəcəyik. Bu qədər mənfi cəhətləri olanlar işləyir, bizi isə sözün düzünü söylədiyimizə görə qovurlar”. Xatırladaq ki, Mirzə Almasov idarəçilik işlərində bəyənilməyən üsullardan istifadə etməsi barədə saysız-hesabsız söhbətlər danışılır: "Liseydə dərs deyən müəllimlər kursantlar arasında ayrıseçkilik salırdı. Belə ki, kimin bir az imkanı və arxasında dayağı vardısa müəllimlər onlardan ehtiyat edirdi. Belə şeylərdən məhrum olanlara isə hər cür problem yaradırdı. Hərbi məktəbdə daxili intizam qaydalarına riayət edilmirdi. Yuxarı kursda oxuyan kursantlar özlərindən aşağı kursda oxuyanları incidirdilər. General liseyi başlı-başına buraxdığı üçün tez-tez problemlər baş verirdi. Saat 10-dan sonra kursantlar liseyin hasarlarından adlayaraq "samavolka"ya çıxırdılar. Amma cavabdeh qalan müəllimlərin bundan xəbəri olmurdu. Hərbi strukturlu məktəb olduğundan daxildə baş verən hadisələr hətta Mirzə Almasov tərəfindən gizli saxlanılırdı. Liseydə qohumluq əsasında işə götürülürdülər. Liseydə rəhbər vəzifə daşıyan və generala yaxın olan bəzi şəxslər buranı özləri əsl yeyinti mənbəyinə çevirmişdilər”. Qeyd edək ki, Mirzə Almasovla ən diqqət çəkən məqam onun MTN-in generalları ilə əlaqələri haqdadır. Əldə etdiyimiz məlumatlara görə, bu şəxsin hazırda həbsdə olan Akif Çovdarov və MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinə başçılıq etmiş general-mayor Nizami Talış oğlu Şirinovla yaxın əlaqələri olmuşdur. Deyilənə görə, məhz bu şəxslərin sayəsində Mirzə Almasov həbs cəzasından yaxasını qurtarmağı bacarıb. Akif Çovdarov və Nizami Şirinovun vəzifəsindən azad edilməsindən sonra isə Mirzə Almasov bir müddət əndişə içində olub. Biz aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən hazırda “generalski akademiyada” işlədiyi deyilən Mirzə Almasovun fəaliyyətini araşdırmasını xahiş edirik. Çünki bu şəxs uzun müddət hərbi liseyə rəhbərlik edib və dövlətə xəyanət etmiş şəxslərlə əlaqədə olub. Hesab edirik ki, bu məsələ çox ciddi məsələdir və Mirzə Almasovun keçmiş fəaliyyəti mütləq araşdırılmalıdır. Növbəti yazıda Mirzə Almasovun villaları, Akif Çovdarova “peredaça” göndərməsi və milyonluq yeyintiləri haqda şok faktları açıqlayacağıq.

Bizi izləyin.

Qarşı tərəfə də cavab haqqı tanıyırıq.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=10501

© 2014 www.mediaxeberleri.com